Əsas məzmuna keç

Qoşma

Mənə bircə nəfər adam göstərin

Zəlimxan Yaqub

1

Salam, ağ kəfənim, qara tabutum, Qara ağsız olmaz, ağ da qarasız. Hər köçüb gedənlə sönər bir işıq, Yer tutqun görünər, göy ayparasız.

“Zikr eylə” dedilər, zikrdən öldük, “Şükr eylə” dedilər, şükrdən öldük. Fikir çəkə-çəkə fikirdən öldük, Əcəlin əlində qaldıq çarasız.

İşığı sönməz bir şam göstərin, Ya saray göstərin, ya dam göstərin. Mənə bircə nəfər adam göstərin, – Ağrısız, acısız, yassız, yarasız.

2005, 23 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.