Məndən uzaqlarda üşüyən ulduz
Məndən uzaqlarda üşüyən ulduz, Yaxın gəl, qoynumu açıram sənə. Bilmirəm sən məndən hara qaçırsan, Mən elə həmişə qaçıram sənə.
Məndən uzaqlarda üşüyən ulduz, En bir az göylərdən, yerə doğru gəl. İnsan nəfəsinin alışdırdığı, Ocağa doğru gəl, pirə doğru gəl.
Məndən uzaqlarda dayanan ulduz, Endir üstümüzə nur adlı paydan. Göylər enməyinə izin verməsə, Alım icazəni Günəşdən, Aydan.
Məndən uzaqlarda dayanan ulduz, Bəlkə göy beşiyin, yer məzarındı? Bilmirəm göylərdə kimi sevirsən, Yerdə bir şair var, sənin yazındı.
Məndən uzaqlarda üşüyən ulduz, Mənə yaxınlaşsan qızınacaqsan. Odlu baxışlarda əriyəcək buz, Bir şair sevgisi qazanacaqsan.
2006, 5 yanvar