Əsas məzmuna keç

Gəraylı

Məndən qorxunuz olmasın

Zəlimxan Yaqub

1

Büdrəmək var, yıxılmaq yox, Məndən qorxunuz olmasın. Əyilmək yox, sıxılmaq yox, Məndən qorxunuz olmasın.

Yoxdu içərimin xıltı, Nə zülmətəm, nə qaraltı. Mənimdi göylərin altı, Məndən qorxunuz olmasın.

Nə itənəm, nə batanam, Nə alanam, nə satanam. Tanrı taxtına çatanam, Məndən qorxunuz olmasın.

Əldə dürüst qələm varsa, Qələmdə bir aləm varsa, Millət adlı Lələm varsa, Məndən qorxunuz olmasın.

Cavandayam, qocadayam, Bəzirganda, xocadayam. Ucalardan ucadayam, Məndən qorxunuz olmasın.

“Ol!” deyilən həmən “Ol”am, Üfüqləri qucan qolam, Sonsuzluğa gedən yolam, Məndən qorxunuz olmasın.

Dağ qamətim, zirvə başım, Tarix ömrüm, zaman yaşım. Qaya gücüm, daş yaddaşım, Məndən qorxunuz olmasın.

Çayı nədir, arxı nədir, Bu fələyin çarxı nədir. Mən varamsa, qorxu nədir, Məndən qorxunuz olmasın.

2006, 9 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.