Əsas məzmuna keç

Heca şeiri

Məndən qoruqçu çıxmaz

Zəlimxan Yaqub

1

Qoruqçu olaydım bu torpaqlara, Sinəm sərhədlərə sipər olaydı. Qəlbim güllələrdən alsa da yara, Kirpiyim düşmənə çəpər olaydı.

Qoruqçu olaydım bu torpaqlara, Məzar tapdalanıb, gor itməyəydi. Analar, bacılar geyinib qara, Qorqud qoruduğu qor itməyəydi.

Yurdun ağrısı çox, yarası dərin, Günah özümdədi, özgədə deyil. Kökü içimdədi çirkinliklərin, Baxdığım aynada, güzgüdə deyil.

Doğma ola-ola nə qədər yadıq, Axdıq zaman-zaman kin axarında. Tanrı birliyinə qovuşammadıq, Durula bilmədik din axarında.

Çiçək əvəzinə qan qoxuyur, qan, Yaşıl yamaclarım, qarlı diklərim. Min dəfə bahadı qazandığımdan, Min dəfə artıqdır itirdiklərim.

Qoruqçu olsaydım bu torpaqlara, Dil deyib ruhumda ağlamazdı yaz. Dil gödək, göz qıpıq, əl boş, üz qara, Yox, qardaş, yox, məndən qoruqçu çıxmaz!

2003, 11 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.