Məndədi
Yenə könlüm xarabadı, yenə ruhum talan olub, Nahaq döyüb, haqq döyülüb, haqqı gözdən salan olub. Başımda bir duman var ki, dağ yanımda yalan olub, Bulud mənəm, duman mənəm, amanlar, ahlar məndədi.
Qoca da mən, müdrik də mən, uşaq da mən, qoca da mən, Kərəm də mən, Lələ də mən, xaqan da mən, qağa da mən. Susan da mən, susduran da, nökər də mən, ağa da mən. Varlı da mən, yoxsul da mən, gədalar, şahlar məndədi.
Bağrım başı dəlik-dəlik, şiş ucunda kabab mənəm, Dərman mənim, dərd mənimdi, ağrı mənəm, əzab mənəm. İldırım mən, şimşək mənəm, nifrət mənəm, qəzəb mənəm, Gecə-gündüz evlər yıxan qanlı silahlar məndədi.
İblis məkri, şərlə böhtan, demə, təkcə şeytandadı, Dəvə kinli, qurd xislətli insan özü meydandadı. Vuruşmada, çarpışmada hər gün həcvi-hədyandadı, Yırtıcılar, əjdahalar, vəhşi timsahlar məndədi.
Gərək haqqa inanasan, çiçək açıb, bar tutasan, Dərə dolu sellər, sular, zirvə dolu qar tutasan. Bu ən böyük günahdır ki, haqqı günahkar tutasan, Mən bəndəyəm, o Allahdı, bütün günahlar məndədi.
2000, 25 fevral