Əsas məzmuna keç

Heca şeiri

Məndə deyil

Zəlimxan Yaqub

1

Həsrət qılınc oynadır, Tanrıya bəndə deyil. Meyli hey zəhərədir, Şəkərə, qəndə deyil.

Qışam, qarım əriməz, Daşam, bəxtim yeriməz. Ağlayanım kiriməz, Ruhum bədəndə deyil.

Burda çəkirəm ahı, Orda dərdimin şahı. Dünya, bütün günahı Bizdədi, səndə deyil.

Ara yaman qarışdı, Dost küsdü, yad barışdı. Aramız bir qarışdı, Vüsalım gendə deyil.

Nur sevməkdi adətim, Kim qarğadı mənə, kim. Nurdadı səadətim, Dumanda, çəndə deyil.

Günah dalınca günah, Açılmaq bilmir sabah. Təbrizə bax, ay Allah, Mənimdi, məndə deyil!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.