Əsas məzmuna keç

Qoşma

Mən yoxam

Zəlimxan Yaqub

1

Mən bir dağam, arxasıyam düzlərin, Dağım yoxsa, düzüm yoxsa, mən yoxam. Dar cığırdan çıxdım geniş yollara, Yolum yoxsa, izim yoxsa, mən yoxam.

Mən bir çöləm, qoynumdadı dərinlik, Mən bir seləm, suyumdadı sərinlik. Mən bir diləm, sözümdədi şirinlik, Dilim yoxsa, sözüm yoxsa, mən yoxam.

Mən bir gücəm, qayaları sındıran, Mən bir nuram, ayı, günü andıran, Mən bir odam, könülləri yandıran, Odum yoxsa, közüm yoxsa, mən yoxam.

Saz oldumu, ud oldumu sözlərim? Buz ürəkdə od oldumu sözlərim? Bir damaqda dad oldumu sözlərim? Dadım yoxsa, duzum yoxsa, mən yoxam.

Yaranandan nəğməliyəm, səsliyəm, Dünən bahar, bu gün payız fəsliyəm. Məndən sonra gələnlərin əsliyəm, Oğlum yoxsa, qızım yoxsa, mən yoxam.

2001, 2 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.