Əsas məzmuna keç

Heca şeiri

Mən üzümü sənə tutub yazıram

Zəlimxan Yaqub

1

Mən üzümü sənə tutub yazıram, Mən üzümü sənin kimi varlığa, Sənin kimi dinə tutub yazıram. Tanıyıram öz səmtimi, qibləmi, Yönsüzləri gətirməkçün bir yönə, Mən yönümü yönə tutub yazıram. Saflığından götürmüşəm mayamı, Qüdrətindən binə tutub yazıram.

Özbaşına ələnmir ki, başıma, Göydən enir, yerdən çıxır sözlərim. Gecə-gündüz əlimdəki qabardan, Alnımdakı tərdən çıxır sözlərim. Şair könlü ziyarətə çevrilir, Ocaq olur, pirdən çıxır sözlərim. Tufanlarla hey çarpışan gəmidir, Hərdən batır, hərdən çıxır sözlərim. Göndərən kim, yazdıran kim, yazan kim, Möcüzədən, sirdən çıxır sözlərim.

Uzaq yollar bəzirganlı, xocalı, Bu yolların söz sahibi ozanlar. Bahar vaxtı tər çiçəklər açılır, Payız vaxtı ömrə düşür xəzanlar. Nədən bilsin çiçək nədir, xəzan nə, İlahinin düz yolundan azanlar. Günahkara qıl körpünün altı var, Gecə-gündüz qır qaynadır qazanlar. Allahsızı qovuşdurmaz Allaha Nə dualar, nə çəkilən əzanlar. Bəxtəvərdi ömrü boyu haqq deyib, Haqq çağırıb, haqq eşqinə yazanlar. İman yerim, güman yerim, yurd yerim, Təbib yerim, dərman yerim, dərd yerim, Səndən başqa kimdi mənim pənahım, Bir gün sənsiz açılmasın sabahım. İlhamım da, qələmim də, sözüm də, Nəfəsim də səninkidir, Allahım. Mən üzümü sənə tutub yazıram, Mən üzümü səndən gələn sədaya, Səndən gələn ünə tutub yazıram.

2000, 24 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.