QAPAZLANAN TARAZI
Mən tarazı adlanıram dünyada, Böyük-kiçik deyirlər taraz mənə. Düz çəkərəm, haq verərəm hər şeyi, Satıcılar vurmasa qapaz mənə.
Halalı mən heç harama qatmaram, Bu gözümü o gözümə satmaram, Adətimdir kimsəni aldatmaram, Əyri işi heç demək olmaz mənə, Satıcılar vurmasa qapaz mənə.
Vücudumu düz yaradıb ustadım, Düzlüyə məşhur olubdur adım, Ən ibtidadan bələdir icadım, Kar eləməz nə qış, nə də yaz mənə, Satıcılar vurmasa qapaz mənə.
Həmişə insaf ilədir mizanım, Zülmə əyilməz bu ədalət şanım, Yox təməhim, doğruyadır imanım, Gərək deyil nə çox, nə də az mənə, Satıcılar vurmasa qapaz mənə.
Qoymaz əyri olmağa vicdan məni, Aldada bilməz nə də şeytan məni, Əyir fəqət bir para insan məni, Bəsmi deyil yüz qram kağız mənə, Bir əlavə dəyir də qapaz mənə.
Yerim olub hər maqazin, hər dükan, Az tapılır mənə qapaz vurmayan, Raymaqdakı Dəryal əlindən aman, Görünməyib heç belə qanmaz mənə, Hamıdan çox o, vurur qapaz mənə.
Ayda-ildə biri gəlsə təftişə, İstəsə bir akt yaza bu işə, Gözü toxununca qaysı kişmişə, Bağla deyər onlardan az-maz mənə, Sonra daha çox dəyər qapaz mənə.
Ey ölkəni ədalətlə dolduran, Ey çəkini tarazıya tapşıran, Gəl mənə gör kimdir bu qapaz vuran, Ya buradan xilasımı yaz mənə Ya da ki, qoyma dəyə qapaz mənə.