Mən sənə şeirlər oxuyacağam
Mən sənə şeirlər oxuyacağam, Arzudan, ümiddən, sevgidən, səndən. Döyünən ürəkdən, dolu könüldən, Yanaqdan, dodaqdan, ruhdan, bədəndən.
Mən sənə şeirlər oxuyacağam, Ötən gəncliyimin şirinliyindən, Məni dəniz kimi dibinə çəkən, Dəli sevgilərin dərinliyindən.
Mən sənə şeirlər oxuyacağam, Havalı-havalı yeriməyindən, Odlu baxışlarım səni tutanda, Gün vurmuş qar kimi əriməyindən.
Nə yaxşı özündən yoxdu xəbərin, Nə yaxşı bilmirsən nəçisən-nəsən. Qoynu çiçək dolu yaşıl bağça-bağ, Qəlbi Günəş dolu bir xəzinəsən.
Mən sənə şeirlər oxuyacağam, Yay kimi dartılıb gərilməyindən. Mənim əllərimlə, barmaqlarımla, Gül kimi budaqdan dərilməyindən. İsti nəfəsimi canına çəkib Tez-tez ölməyindən, dirilməyindən. Çırpına-çırpına arıya dönüb, Süzülə-süzülə bal olmağından. Bəzən bülbül kimi coşub-çağlayıb Bəzən saatlarla lal olmağından. Mən sənə şeirlər oxuyacağam, Qurbani Pəriyə, Abbas Gülgəzə, Qərib Şahsənəmə oxuyan kimi. Kərəm könül verib tərsa qızına, Gözəl bir sənəmə oxuyan kimi. Çəkib Dağıstandan Azərbaycana, Valeh Zərnigara oxuyan kimi. Cuma sevgisini pünhan saxlayıb Gizlicə bir yara oxuyan kimi, Mən sənə şeirlər oxuyacağam.
Mən sənə şeirlər oxuyacağam, Dünyanın ən odlu şeirlərini. Müşfiq Dilbərinə oxuyan kimi, Vurğun Dürrəsinə oxuyan kimi. Ələsgər üz tutub Səhnəbanıya Bir eşqin səsinə oxuyan kimi, Mən sənə şeirlər oxuyacağam.
Nədir gözəllərin hirsi, hikkəsi, Nədir gözəllərin dini, Məkkəsi. Tez-tez küsmək nədir, barışmaq nədir, Barışıb qaynamaq, qarışmaq nədir? Səni qıyhaqıyla coşduran nədir? Dağların çayıtək daşdıran nədir? Səni bir bu qədər havalandıran, Məni bir bu qədər çaşdıran nədir? Elə bu mənada, elə bu haqda, Ürəkdə, baxışda, dildə, dodaqda, Neçə ki ömrüm var, nə qədər sağam, Mən sənə dualar pıçıldayacaq, Mən sənə şeirlər oxuyacağam.
2009, 26 noyabr