Əsas məzmuna keç

Qoşma

Mən öləndə üzümü Borçalıya çevirin

Zəlimxan Yaqub

1

Orda duydum el ruhumun sazını, Orda sevdim bir kişinin qızını. Orda çəkdim gözəllərin nazını, Mən öləndə üzümü Borçalıya çevirin.

İçərimdə həsrət adlı yükü var, Ürəyimdə yaraların kökü var. Ləlvəri var, Ağlağanı, Lökü var, Mən öləndə üzümü Borçalıya çevirin.

Mənim könlüm bu torpağı sevirdi, Qürbət ellər ömrü yelə sovurdu. Bəlkə, elə Allah özü çevirdi, Mən öləndə üzümü Borçalıya çevirin.

Öpsün əsən yellər, yağan yağışlar, Oxşasın sevdiyim şirin baxışlar, Məkkə də, qiblə də məni bağışlar, Mən öləndə üzümü Borçalıya çevirin.

Su vətəndi, balıq torda qəribdi, Eldən ayrı qəbir, gor da qəribdi. Mən qürbətdə, Vətən orda qəribdi, Mən öləndə üzümü Borçalıya çevirin.

Qoyun məni torpağının altına, Torpağının, yorğanının altına, Üzüm olsun ayağının altına, Mən öləndə üzümü Borçalıya çevirin.

2002, 6 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.