Mən öləndə
Mən öləndə dünyada heç nə dəyişməyəcək, Ölümüm ilahinin yadına düşməyəcək. Günəş yenə çıxacaq, əvvəl çıxdığı kimi, Sular yenə axacaq, əvvəl axdığı kimi. Ay yenə öz yerində, Gün yenə öz işində, Çaylar öz adətində, sellər öz vərdişində, Çərxi-fələk yenə də öz köhnə gərdişində. Övladlarım üçün də heç nə dəyişməyibdi, Yaşayacaqlar ömrü, qalsalar da atasız, Gedəcəklər yolları xatalı, ya xatasız. Mən öləndə dəyişən təkcə mən olacağam, Ətrini çox sevdiyim bir ovuc qara torpaq, Rəngini çox sevdiyim göy çəmən olacağam. Bilirəm, doğum günüm yanvar ayına düşdü, Bilmirəm, ölüm günüm hansı aya düşəcək. Tək onu bilirəm ki, mən dünyadan gedəndə, Sıx meşələr qoynunda bir palıd yıxılacaq. Dağdan dərə dibinə nəhənglərin nəhəngi sərt bir qaya düşəcək. Qanım rəngə dönəcək qızaran güllər üçün, Təzə dən göyərəcək təzə sünbüllər üçün. Məzarımın torpağı qapqara şum olacaq, Gedən cismim olsa da, qalan ruhum olacaq!
2002, 11 sentyabr