Mən niyə bu qədər ağrı çəkənəm
Ağlasan, mən səndən betər ağlaram, Yaşlı gözlərində gilə bil məni. Bütün dərdlilərə həmdərd olmuşam, Hər zaman hər yerdə belə bil məni.
Vurar keşiş məkri qara pəncəni, Gətirər başına hər işgəncəni, Gözüyaşlı qoyma qədim Gəncəni, Kərəmsən, yanında Lələ bil məni.
Dərd əhli kim varsa, hamı məndədi, Dərdin hər çeşidi, tamı məndədi. Cəmşidin qəm dolu camı məndədi, Eşq ilə dodağı silən bil məni.
Qəribi görəndə qürbət çəkənəm, Yetimi görəndə boyun bükənəm, Mən niyə bu qədər ağrı çəkənəm, Başa düş, dərk eylə, bilə bil məni.
Yalta, 2010, 12 iyun