Mən hardan bilərdim şairlik nədir?
Keçilməz dərələr keçilməsəydi, Aşılmaz zirvələr aşılmasaydı, Yeldən qanad alıb, seldən güc alıb, Ruhum küləklərə qoşulmasaydı, Mən hardan bilərdim şairlik nədir?
Torpaqdan, toxumdan, dəndən gəlməsəm, Qurandan, kitabdan, dindən gəlməsəm, Dərdi çoxalanda yerdəkilərin, Göylərə saldığı ündən gəlməsəm, Mən hardan bilərdim şairlik nədir?
Minadan enməsəm, Turdan gəlməsəm, Allahın verdiyi nurdan gəlməsəm, Sinəmi saz edib, əlimi mizrab, Qopuzdan, Qorquddan, qordan gəlməsəm, Mən hardan bilərdim şairlik nədir?
Gedir qismətinə, bəxtinə sarı, Yorulmur qarışqa, dincəlmir arı. Qəlbimi riqqətə gətirməsəydi, Ana təbiətin yaratdıqları, Mən hardan bilərdim şairlik nədir?
Fələklər sirdaşı, mələklər yarı, Hər misra şairin sərvəti, varı. Qulaq eşitməsə, könül duymasa, Göylərdən süzülən pıçıltıları, Mən hardan bilərdim şairlik nədir?
2005, 21 yanvar