Mən haqqın keşikçisi...
Qoşuram öz səsimi haqq çağıran səslərə, Qatıram nəfəsimi ən isti nəfəslərə. Çatdırıram fikrimi ara yaxan kəslərə, Təmiz eşqin, sevginin meyvəsiyəm, barıyam, Mən haqqın keşikçisi, haqqın tərəfdarıyam!
Gözəlliyə göz yumub “qan-qan” deyən kimsələr, Kimə şərəf gətirər, qan gölündə çimsələr? Şər vurduğu ləkəni könüllərdən kim silər? Əsmə, ölüm küləyi, keçmə, ocaq, sönmə, şam, Mən haqqın keşikçisi, haqqın tərəfdarıyam!
Qırğına gedən yolun sonu dəhşət, uçurum, Alovlar dalğa-dalğa, tüstülər burum-burum. Mən gərək bu dünyada hələ dünyalar qurum, Yolu Günəşə doğru, üzü Haqqa sarıyam, Mən haqqın keşikçisi, haqqın tərəfdarıyam!
Nə qədər yer üzünün amansız silahı var, O qədər anaların fəryadı var, ahı var. Hər vurulan yarada şərin min günahı var, Dünyanın yarasını gərək özüm sarıyam, Mən haqqın keşikçisi, haqqın tərəfdarıyam!
Həyat Günəş çöhrəli, ölüm dəmir qəfəsli, Yaranmışın hamısı, yaşamağa həvəsli. Ömür bahar fəslidir, kim istəsə bu fəsli, Ucalığın aşiqi, zirvələrin qarıyam, Mən haqqın keşikçisi, haqqın tərəfdarıyam!
Kimdir bəşər qatili, kimdir ömrə yağılar? Yurd-yuva dağıdanın öz yuvası dağılar! Dərd yerin sinəsində bir sağalmaz dağ olar, Yer mənimdi, mən yerin qeyrətiyəm, arıyam, Mən haqqın keşikçisi, haqqın tərəfdarıyam!
Qoy nə gözdə intizar, nə yanaqda yaş olsun, Xilaskarlıq duyğusu hər duyğudan baş olsun. Gərək bu dünya Vətən, insan VƏTƏNDAŞ olsun, İnsan kimi dünyanın sərvətiyəm, varıyam, Mən haqqın keşikçisi, haqqın tərəfdarıyam!
Dönüb ağ göyərçinə hər gün çalaram qanad, Ölümə təslim olub qoymaram sussun həyat! Nəğməli, səsli dünya heç olmasın narahat, Sədaqətin dostuyam, həqiqətin yarıyam, Mən haqqın keşikçisi, haqqın tərəfdarıyam!