Mən getdim, məni gözləmə
Daha bu yer çiçəklənməz, Çiçəkləri ləçəklənməz. Kifir olar, kafir olar, Gözəlləri göyçəklənməz, Mən getdim, məni gözləmə.
Ruha sirdaş olammadın, Haqqa qardaş olammadın. Mən hönkürüb ağlayanda, Gözümdə yaş olammadın, Mən getdim, məni gözləmə.
Məni əzən əzab haqqı, Oxuduğum kitab haqqı, Mən verdiyim suallara Vermədiyin cavab haqqı, Mən getdim, məni gözləmə.
Ruh uçar, bədən qayıtmaz, Çıxar cərgədən, qayıtmaz. Aylar, illər təzələnər, Qayıtmaz, gedən qayıtmaz, Mən getdim, məni gözləmə.
Lal olmuş bir bulud gözlə, Daş olmuş bir sükut gözlə, Mismarlanmış, möhürlənmiş Taxta gözlə, tabut gözlə, Mən getdim, məni gözləmə.
Göy yetirməz, yer bitirməz, Sünbülü, dəni gözləmə, Mən getdim, məni gözləmə.
Səs olub neyə çəkilləm, Ah olub göyə çəkilləm. Yaradanın özü bilir, Göylərə niyə çəkilləm, Mən getdim, məni gözləmə.
Damar döyür, qan çağırır, Günəş doğur, dan çağırır. Sən gecikdin, çağırmadın, Məni çağıran çağırır, Mən getdim, məni gözləmə.
2005, 27 fevral