Əsas məzmuna keç

Qoşma

Mən bilirəm

Zəlimxan Yaqub

1

Allah, nədir bu qırhaqır, bu qaçaqaç, Ağrıyan baş, ağrı çəkən bədən oldu. İtin, qurdun atasına rəhmət deyin, İnsan gəldi, insan əti didən oldu.

Lənət ilə möhürlənmiş alın qalıb, İncəlmədik, qabırğamız qalın qalıb, Ha qaçırıq, ayağımız yalın qalıb Din-hərəkət baş götürüb gedən oldu.

Ara vuran, evlər yıxan çuğula bax, Atasına şillə çəkən oğula bax. Orda-burda ağlar qalan ağıla bax, İnsaf döndü qarın oldu, gödən oldu.

Bələnmişik yerin-göyün biz ahına, Yüz suçuna, taqsırına, yüz ahına. İnanmayın alimlərin izahına, Mən bilirəm bu zəlzələ nədən oldu.

Yaradanın acığıydı, hirsiydi bu, Tərs işlərə, şillələrin tərsiydi bu. İbrət üçün haqqın bizə dərsiydi bu, Çox adamın bağrı zədən-zədən oldu.

2000, 7 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.