Mən belə başladım sazı çalmağa
Gözümü açanda saz gördüm evdə, Sazsız günlərimi az gördüm evdə. Qəlbimə toxunub dəyən olmadı, Sazın hesabına naz gördüm evdə, Mən belə başladım sazı çalmağa.
Körpə beşiyindən saza baxırdım, Evin eşiyindən saza baxırdım. Bizi məclislərə buraxmırdılar, Çadır deşiyindən saza baxırdım, Mən belə başladım sazı çalmağa.
Varlığım, həyatım saz oldu mənim, Təcnisim, bayatım saz oldu mənim. Süpürgəm, yarmaçam, oxlovum, masam, Körpə kainatım saz oldu mənim, Mən belə başladım sazı çalmağa.
Çanaq düzəldirdim, qol bağlayırdım, Saza bel bərkidib, bel bağlayırdım, Kötüyün üstünə rezin çəkirdim, Taxtanın üstünə tel bağlayırdım, Mən belə başladım sazı çalmağa.
Söhbət atam oldu, söz anam oldu, Bu yolda ustadım öz anam oldu. Bezdi əllərimdən gilas ağacı, Gilas qabıqları təzənəm oldu, Mən belə başladım sazı çalmağa.
Qonuya-qonşuya aşıq gəlirdi, Aşıq gələn yerə işıq gəlirdi. Sazım olmayanda mənim dadıma, Çömçə yetişirdi, qaşıq gəlirdi, Mən belə başladım sazı çalmağa.
Haqq mənə sevgini əta veribdi, Ana bağışlayıb, ata veribdi. Dedilər Zəlimxan havalanıbdı, Haqq ona saz adlı buta veribdi. Mən belə başladım sazı çalmağa, Mən belə başladım sazı çalmağa.
2011, 1 fevral