Mən başıdaşlı
Yüz ildi qar yağır, tufan gəlirmiş, Qışı görməmişəm mən başıdaşlı. Üzümdə sel olub gözümün yaşı, Yaşı görməmişəm mən başıdaşlı.
Bir yas var hər toyun, düyünün altda, Əzildim Allahın göyünün altda. Töküblər zəhəri düyünün altda – Aşı görməmişəm mən başıdaşlı.
Qarışır fikrimdə dağ ilə aran, Canımdan od getməz, başımdan duman, Gündə yeddi dəfə başımı yaran, Daşı görməmişəm mən başıdaşlı.
Dərdin tikanıdı bağrımı deşən, Çəmənim ot oldu, sünbülüm həşən. Top kimi ayaqlar altına düşən, Başı görməmişəm mən başıdaşlı.
Məkri duymamışam şeytan sözündə, Mələk axtarmışam iblis gözündə. Hələ mənim kimi bu yer üzündə, Naşı görməmişəm mən başıdaşlı.