Məmməd Aslana
Məni gəncliyimə qaytardın yenə, Çağladı sinəmdə şəlalə, Məmməd. Lalə çölüdümü, qan gölüdümü, Hardandı bu qədər bu lalə, Məmməd?
Güllər – əmizdirən, arılar – əmən, Yağış – çimizdirən, qayalar – çimən. Tanrı sovqatıdı hər yaşıl çəmən, Hər çiçək nur dolu piyalə, Məmməd.
Lalə – bağrımızın qızaran yağı, Torpaq – sinəmizin çal-çarpaz dağı. Sən çəkən azarı, mən çəkən dağı, Nə Kərəm daşıyıb, nə Lələ, Məmməd.
Başda bir ağrıdı, canda bir qada, Yurdundan olmasın heç kəs dünyada. İtən dağlarımı gətirdin yada, Qopdu içərimdə bir nalə, Məmməd.
Hələ Qarabağın açılmaz yazı, Qaradı qismətə yazılan yazı. Gedək Dəlidağda çalaq bu sazı, Verək Kəlbəcərlə əl-ələ, Məmməd.
Ahımdan dağların nəm daşı yandı, Dərd daşı alışdı, qəm daşı yandı. Zəlimxan onsuz da qəm daşıyandı, Dərdinlə gəl onu şələlə, Məmməd.
2004, 24 fevral