Məmməd Aslana
Harda gül görürsə, ayaq saxlayır, Çiçək dəlisiymiş şair olanlar. Açar sinəsini dəli yellərə, Külək dəlisiymiş şair olanlar.
Çeşmələr laylası, çaylar bəstəsi, Saz ruhu, ney canı, tar şikəstəsi. Məhəbbət ölçüsü, gözəl xəstəsi, Mələk dəlisiymiş şair olanlar.
Yerin sinəsində kükrəyər, axar, Göyün sinəsində gurlayar, çaxar. Dünyaya qəlbinin gözüylə baxar, Ürək dəlisiymiş şair olanlar.
Eşqin dumanında azmaq istədi, Nizamı, qaydanı pozmaq istədi, Şeirini göylərə yazmaq istədi, Lələk dəlisiymiş şair olanlar.
İçində bir od var, qaynayar, daşar, Yolu düz yeriməz, çaşdırar, çaşar. Arzuyla böyüyər, xəyalla yaşar, Dilək dəlisiymiş şair olanlar.
Vara göz yumandı, yox dəlisidi, Allahın gözləri tox dəlisidi, Şairlər hamısı haqq dəlisidi, Fələk dəlisiymiş şair olanlar.