Məmməd Araz var
Adını soruşub, hardadır demə, Yurdun hər dağında Məmməd Araz var. Ərənlər səsidi “Ərimgəldi”də, İsa bulağında Məmməd Araz var.
İlham qanındadı, söz mayasında, İzi var vətənin hər qayasında. Gəlin ismətində, qız həyasında, Körpə dodağında Məmməd Araz var.
Hər sözün başına bir sığal çəkər, Başı söz üstündə qeylüqal çəkər. Zəhmətkeş arıdı, sözdən bal çəkər, Gülün budağında Məmməd Araz var.
Dünya şairidi dünya yaşında, Dilini biləndi dilsiz daşın da. Qaya mamırında, daş yaddaşında, Palıd yarpağında Məmməd Araz var.
Baxışı buluddan nəm çəkən oldu, Ürəyi sükutdan qəm çəkən oldu. Qəmli könüllərə sim çəkən oldu, Saçların ağında Məmməd Araz var.
Yetişib Təbrizə, qovuşub Qarsa, Eşitsin dünyanın qulağı karsa. Harda Araz üstə bir körpü varsa, Onun hər dağında Məmməd Araz var.
Ömür naxışına vurulan həvə, Get-gəl bazarında yük çəkən dəvə, Nizamiyə oğul, Sabirə nəvə, Vaxtın hər çağında Məmməd Araz var.
Qəmli fikirlərin çənində azar, Ata bir məzardı, ana bir məzar. Bacısı Gülsümə məktublar yazar, İnfil ocağında Məmməd Araz var.
Dönüb sərvətimə, dönüb zərimə, Misrası dərmandı dərdi-sərimə. Sol gözüm yuvadı əzizlərimə, Gözümün sağında Məmməd Araz var.
Vurduğu rəngə bax, açdığı izə, Şöhrəti zamanı gətirər dizə. Allah! Bu vətəni çox görməz bizə, Vətən torpağında Məmməd Araz var!
1995, 3 sentyabr