Məmməd Araz işığı
Yandır işığını Məmməd Arazın, Yandır işığını, Gülxanım bacı! Ürəyə köçürün, yaddaşa yazın, Bu haqq aşığını, Gülxanım bacı!
Çağır köməyinə sən İlahini, Qoyma bu işıqlar sönsün, ay Allah! Qoyma göz önündə gəzən dahini, Adi bir insana dönsün, ay Allah!
Əlvan saraylara meydan oxuyar, Evində işığı keçən şairlər. Sözdən hana qurar, xalı toxuyar, Xalqın yaddaşına köçən şairlər.
Yandır işığını Məmməd Arazın, İlhamın danışan dili susmasın. Şair ürəyində dil açan sazın, Bəmi seyrəlməsin, zili susmasın.
Çeşməyə, çəmənə, dərəyə, dağa, Bir gün Günəş doğar, bir gün çən gələr. Zülmət ürəkləri nurlandırmağa, İşıq şairlərin evindən gələr. Heyif, Xəlil Rza sağ olsaydı, kaş, Bugünkü görüşə o da gələrdi. Yaraşıq verərdi qardaşa qardaş, Vurardı özünü oda, gələrdi.
Ruhlar durulardı, təzələnərdi, Könüllər meylənər, məzələnərdi. Fikirlər, duyğular çözələnərdi, Şirin xatirələr yada gələrdi.
Göydən endirərdik ulduzu, Ayı, Şeirin işığında içərdik çayı. Nur kimi enərdi tanrının payı, Yerdən də, göydən də səda gələrdi.
Yandır işığını Məmməd Arazın, Orda Mikayıl var, Xəlil Rza var. Sən Allah, o nuru sönməyə qoyma, Harda qaranlıq var, orda qəza var.
Qoy dünya düşməsin şair gözündən, Dəhliz də, eyvan da, otaq da yansın. Alsın öz odunu şair sözündən, Masa da, qələm də, varaq da yansın.
Saymaqla tükənməz ağrılar, dərdlər, Necə göynəməsin ürəklərimiz? Ehtiyac ucundan, qayğı ucundan, Nə qədər işıqlar söndürmüşük biz.
İşığı özünsən şair ömrünün, Cəfakeş bir ömrü yaşayan qadın. İyirmi ildir ki, Məmməd Arazın, Alıb daş yükünü daşıyan qadın.
Ürəyi incəldib, ipə döndərib, Bədəni qurudub, çöpə döndərib, Qəlbin tellərini sapa döndərib, Bu, zəhmət yüküdür, Gülxanım bacı.
“Atamın kitabı” kitabdı, yazdı, “Üç oğul anası” əzabdı, yazdı. Bağrı şiş ucunda kababdı, yazdı, Bu, sənət yüküdür, Gülxanım bacı!
İşıqsan, çıraqsan Məmməd Araza, Silahsan, yaraqsan Məmməd Araza, Ən böyük dayaqsan Məmməd Araza, Bu, qeyrət yüküdür, Gülxanım bacı!
Sərt yolları sənintək “mərd bir qadınla keçdi, Bütün keçilməzliyi sənin adınla keçdi!” İşığı sönmədi Məmməd Arazın, Nə özü, nə sözü, nə əqidəsi, Yolundan dönmədi Məmməd Arazın!
O ki bu torpağın yazan qələmi, O ki bir millətin yazan əlidi. Zülmət bürüsə də bütün aləmi, Şairin işığı sönməməlidi!
Bu işıq sayğacla ölçülməz, bacım, Tanrı işığıdır, kiçilməz, bacım. Baxma, Məmməd Araz xərc içindədir, Baxma, Məmməd Araz borc içindədir! Allahın əliylə yanan işıqlar, Kəhkəşan qoynunda, bürc içindədir!