Mələk kimi
Ömrün boyu haqqa tapın, haqqa güvən, Güclü nə var, haqqı sevən ürək kimi. Tükənməzdi ilahinin bərəkəti, Sünbül kimi, zəmi kimi, çörək kimi.
Qayaların duruşunu yadına sal, Qartal kimi zirvələrə qonsun xəyal. Bu quzeyin yaddaşında qar kimi qal, Bu güneyin yaddaşında çiçək kimi.
Ürəyində Allah verən nuru saxla, İçərini bu şeh kimi duru saxla. Odu saxla, közü saxla, qoru saxla, Köçəndə də köç dünyadan mələk kimi.
2001, 10 yanvar Altıağac