Mələk
Mən səni bənzəmişəm Huriyə, qılmana, Mələk! Baxışın canlar alır, Qəmzən səkir qana, Mələk! Qaşın qüdrətdən çəkilib, Oxşayır kamana, Mələk! Xalının bir dənəsin Vermərəm cahana, Mələk! Üzün görüb ayrı düşən Qalar yana-yana, Mələk!
Geyinib əndamına Əbrü, ətlaz, alı, gözəl; Xara don, zərin nimtənə, Başındakı şalı gözəl; Bəxtəvər gümüş kəmər Qucur qəddi-dalı gözəl; Qulağında qızıl sırğa, Zənəxdanda xalı gözəl; Qılıbsan hüsnün şamına Sən məni pərvana, Mələk!
Əslin düz, nəslin yaxşı, Olmuşam elinə mail; Oxuyan şeyda bülbüllər Bağında gülünə mail; Tutiyi-şirin zəban Olubdu dilinə mail; Həftrəng mürği-tovuz Pərişan telinə mail; Zülfünlə tor qurubsan Alıcı tərlana, Mələk!
Gözəlin məclisində Şirin söhbət, saz dolanır; Hüsndən könüllərə Bahar keçir, yaz dolanır; Süzür, gəlir səkə-səkə, Sanki quba-qaz dolanır; Qaşında kirpiyində İşvə, qəmzə, naz dolanır; Gözlərin cəllad olub Qəsd eləyir cana, Mələk!
Gözəllər dəstə-dəstə Qulluğuna sana gəlir; Ağa, rəiyyət, bəy, gəda Əmrinə fərmana gəlir; Aşıq, alim, molla, seyid Dad çəkir, amana gəlir; Dəlilər dəxil düşür, Mərizlər loğmana gəlir; Xəstədi, Ələsgəri Sən yetir dərmana, Mələk!