Əsas məzmuna keç

Heca şeiri

Məktublar olmasaydı

Zəlimxan Yaqub

1

Məhəbbətin həsrəti qəlbi ruhdan salardı, Arzular uça bilməz, oylağında qalardı. Saçlara dən tez düşər, insan tez qocalardı, Məktublar olmasaydı.

Ürəklərin hər sözü dodaqlarda donardı, Xəyal nə qanadlanar, nə mənzilə qonardı. Hicran ayrılanları balta kimi yonardı, Məktublar olmasaydı.

Eşqin qaynar bulağı quruyar, soğulardı, Gözəllər yaş içində udqunar, boğulardı. Sevincin əvəzinə təhlükə doğulardı, Məktublar olmasaydı.

Qoynunda nə yaşadar həm sevinci, həm qəmi? Nə olardı insanın təsəllisi, həmdəmi? Nə gəzər, nə duyardı könül adlı həmdəmi? Məktublar olmasaydı.

1969, 12 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.