Məktəb – məzun
Məktəb – ana qoynu, ana qucağı, Bir-bir o qucaqdan pərvazlanmışıq. Orda gördüyümüz hər gözəl çağı, Müqəddəs bilmişik, uca sanmışıq.
Hər sinif otağı bir nur qaynağı, O nur qaynağından ziyalanmışıq. Keçib dar keçidi, aşıb sərt dağı, Müəllim sözündən mayalanmışıq.
Bir yeni pillədir hər keçilən dərs, Bilmək – mətləbimiz, qanadımızdı. Təzə bir havadır, təzə bir nəfəs, Hər kitab ağlımız, kamalımızdı.
Bu gün ad-sanımız dünyaya bəlli, Həyatın yeriyən kitablarıyıq. Çətin misalların tapıldı həlli, Sirli sualların cavablarıyıq.
Müəllim – məktəbin ağlı, vicdanı, Məktəb – müəllimin Məkkəsi, piri. Bilik – damarların çağlayan qanı, Həmişə canlıdır, həmişə diri.
Uzun illər keçib o vaxtdan bəri, Vətənin sərvəti, xalqın varıyıq. Həyat məktəbinin yetirmələri, Qeyrət məktəbinin məzunlarıyıq. Uçmuşuq ulduza, çatmışıq Aya, Köksü dəniz kimi qabaran bizik. Elmin işığını saçıb dünyaya, Bu günü sabaha aparan bizik.
Şirin xatirələr hey düşür yada, Ömrə bir naxışdı, xınadı məktəb. Onunla ucalır insan dünyada, Özüldü, şöhrətdi, binadı məktəb.
Şirin sözümüzə bal qata-qata, Məğrur səsimizi yaydı həyata. Bizə ən xeyirxah, ən əziz ata, Bizə ən müqəddəs anadı məktəb.