Məkkədə
Çağırdıq qadir Allahı, Yazıldı qismət Məkkədə. Çəkdi bizi ziyarətə, Ulu bir qüdrət Məkkədə.
Həftələr aya qovuşdu, Çeşmələr çaya qovuşdu. Damla dəryaya qovuşdu, Yox oldu həsrət Məkkədə.
Şəkər imiş sözdən ötrü, İşıq imiş gözdən ötrü, Zəmzəm suyu bizdən ötrü, Oldu bir şərbət Məkkədə.
Fikir fikrə heyran oldu, Səsimizi yayan oldu. Baxanlara əyan oldu, Əsil həqiqət Məkkədə.
Yerdən göyə məhəbbət var, Göydən yerə mərhəmət var. Haqqa doğru hərəkət var, Bircədi sifət Məkkədə.
Nur yaranıb, zor doğulub, İmam, peyğəmbər doğulub. Əli kimi ər doğulub, Kəbəsi Hikmət Məkkədə.
Dilində Quran ayəsi, Üstündə haqqın sayəsi. Allahdandı sərmayəsi, Tükənməz sərvət Məkkədə.
Geyindik ehram paltarı, Ağlığı dağların qarı. Yeridik qibləyə sarı, Qıldıq ibadət Məkkədə.
Sevgi çələngi, gül toxuduq, Ətir daddıq, gül qoxuduq. İmama rəhmət oxuduq, Yezidə lənət Məkkədə.
Aydınlığı haqqın nuru, Təmizliyi sudan duru. Bu şöhrəti, bu uğuru, Yaradıb qeyrət Məkkədə.
Əl vuranda qara daşa, Az qalır ki, ağlın çaşa. Nə gördüksə başdan-başa, Heyrətdi, heyrət, Məkkədə.
Nahaq yerə ürək yarma, Haqq olmasan, haqqa varma. Ey insan, cənnət axtarma, Gəzdiyin cənnət Məkkədə.
Baxışlardan nur tökülür, Dodaqlardan dürr tökülür. Hər yerdən şükür tökülür, Yoxdu şikayət Məkkədə.
Tarix qədim, dərgah ulu, Torpaq odlu, çeşmə sulu. Kim olsa Allahın qulu, Çəkməz xəcalət Məkkədə.
Baxın Kəbənin yaşına, Dünya dolanır başına. Toz qonsa bircə daşına, Qopar qiyamət Məkkədə.
Ən uca dövlət kimidir, Ən dadlı qismət kimidir, Allaha xidmət kimdir, Kəbəyə xidmət Məkkədə.
Hər ürək bir dolu camdı, Hər könül bir yanan şamdı. Sabaha bir ehtiramdı, Dünənə diqqət Məkkədə.
Bir tanış ol, yaxşı tanış, Qələmim, yaz, dilim, danış. Allah əli toxunmamış, Yoxdu bir sənət Məkkədə.
Ər demişik ərənlərə, Haqqa könül verənlərə. Məhəmmədi görənlərə, Var bir şərafət Məkkədə.
Yaxın gəlməz ağrı-acı, İman olsa başın tacı. Zəlimxan da oldu Hacı, Tapdı səadət Məkkədə!
Məkkə, 1994, iyul