Əsas məzmuna keç

Heca şeiri

Məkkə yolu

Zəlimxan Yaqub

2

Bu yol Məkkə yoludu, Bu yol şərəf-şan yolu. İnsana, insanlığa, Nurlu Kəhkəşan yolu.

Göydən gələn səslərin, Səsi duyan kəslərin, Əsil müqəddəslərin, Əbədi nişan yolu.

Ürəkdən gələn sözün, Sözdən yaşaran gözün, Gözdə alışan közün, Həddini aşan yolu.

Arzuların, kamların, Sevgi dolu camların, Haqqa qul adamların, Qaynayıb daşan yolu.

Fürsət verər duyana, Canı haqqa qıyana. Günahını yuyana, Ən böyük imkan yolu.

Gedən dost, gələn Hacı, Peyğəmbərin meracı. Bütün yolların tacı, Din yolu, iman yolu.

Bu yol Məkkə yoludu, Duyğuların saf yolu, Tövbə, etiraf yolu, Mərhəmət, insaf yolu.

Fikirlərin, hisslərin, Su kimi şəffaf yolu! Haqq yolu, vicdan yolu, Din yolu, iman yolu!

Gözsüzlərə gur işıq, Cansızlara can yolu! Əbədiyyət yolunda Əbədi nişan yolu!!!

Bakı-Ciddə, 1994, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.