Məhməd Akif Ərsoyun ev-muzeyində
Adı əzizdən əziz hər nəsilə, hər soya, Bizdən salamlar olsun Məhməd Akif Ərsoya! Bu yer böyük şairin nəğmə dolu bağçası, Sadə, təmiz otağı, yaşıl bağı, bağçası. Ankarada yapılan bütün evlərdən uca, Balaca bir evi var, yaşar dünya durunca. Evi məscid yanında, Allah evinə yaxın, Allaha yaxın olan şair qəlbinə baxın! Öz yerində orucu, öz yerində namazı, Haqqın bağrından qopub yaratdığı hər yazı! Ömrü yarıda sönmüş şamdanın şamına bax, Atəşi sönməz olan şair ilhamına bax! Qəlbinin axan qanı, həm sevinci, həm yası, Şüşələrin altında əlxətti, əlyazması. Ömrünü gilə-gilə sözdə əridən ustad, Bir ömrün sonunadək neçə şamlar əritdi, Gah gecələr yandırdı, gah axşamlar əritdi. Türkü əzilən görüb düşmən bayram edəndə, Türkün qanlı köksünü qasırğalar didəndə, Bir xalqın, bir millətin yeriyəndə üstünə, On beş dövlət girəndə bir dövlətin qəsdinə, Zərbədən baş bir yana, leş bir yana düşəndə, Nifrət süngüyə dönüb sinələri deşəndə, Dərdin, qəmin içində qovrulurdu, yanırdı, Haqqa tapınan şair haqqa arxalanırdı! Üç yüz min şəhid qanı, Çanaqqala savaşı, Qəhrəman bir millətin nələr çəkdi gör başı! Şair qəlbinə düşdü dərdin ağır tərəfi, Bircə arzusu vardı: Tapdanmasın Vətənin ləyaqəti, şərəfi! “Çanaqqala” şeirini onda yazdı, yaratdı, Sözü bütün dünyaya, səsi tanrıya çatdı! Haqqa çatan səs oldu, göyə qalxan əl oldu, Bu şeir şəhidlərə ən uca heykəl oldu! Baxıram sənətkarın dördotaqlı evinə, Gah qəmlənə-qəmlənə, gah sevinə-sevinə. Yollarında həmişə boran oldu, qar oldu, Dahilərin qisməti bu dar otaqlar oldu! Ocaq yeri qaralıb, yerində külü qalıb, Şairsiz çiçəklərin boynu bükülü qalıb. Burda yazılan şeir dillərdə əzbər oldu, Bir şeirin havasında millət səfərbər oldu! “İstiqlal marşı” yazdı gözlərinin yaşıyla, Ruhunun böyüklüyü, qəlbinin təlaşıyla! Hər sətirdə duyuldu topun, tüfəngin səsi, Şəhidlərin qəzəbi, ərənlərin nərəsi. Ümiddən yapışan əl, bayraqdan öpən dodaq, Zaman-zaman alışıb tüstülənən bir ocaq, Haqqı qorumaq üçün torpaqdan fışqıran qan, Vətən yolunda ölmüş minlərlə ölməz insan, Dəliqanlı gəncliyin od yağdıran nəfəsi, Keçmişə ehtiramı, gələcəyə həvəsi, Vətənin göylərində süzən azadlıq quşu, Döyüşdən çıxanların xilası, qurtuluşu, Çevrilib kəlmələrin incisinə, xasına, Dönüb Məhməd Akifin şeirinin mayasına! İlhama bar-bərəkət, qələmə qüvvət verib, Türkün dünyası boyda türkə məhəbbət verib. Böyük ustad! Bu şeirin hopdu mənim qanıma, Yağı at sürə bilməz bir daha meydanıma! Mən də Azərbaycanın ucalan bir səsiyəm, Torpağımın, yurdumun yaşamaq həvəsiyəm! Zülmətə, ədalətə, xəyanətə qarşıyam, Ruhumla, nəfəsimlə, Mən bu gün başdan-başa bir “İstiqlal marşı”yam!