MƏHƏMMƏD SƏFANIN TƏRİFİ
Ey qəmin bu dili-məhzunə səfa, Kəbeyi-kuyüvə eşq əhli fəda, Hər qədər eyləyəsən cövrü cəfa, Mən sənə eyləməsəm qeyri-vəfa, Hər nə hökm eylədin, ey mahliqa, Cümləsi oldu muradınca rəva.
Gözəlim, şimdi nədir fərmanın? Canı qurban sənə bu nalanın!
Sərvərim, padşəhim, soltanım, Gülrüxüm, sərvqədim, reyhanım. Ey fərəhbəxşi-dili-suzanım, Bilmədim noldu mənim nöqsanım, Döndü, ey mah, belə dövranım, «Yan» dedin hicr ilə, yandı canım,
Gözəlim, şimdi nədir fərmanın? Canı qurban sənə bu nalanın!
Söylədin eşq ilə zar ol, oldum, Hicr ilə sinəfikar ol, oldum, Nəzəri-xəlqdə xar ol, oldum, Qəmü ənduhə düçar ol, oldum, Zarü bisəbrü qərar ol, oldum, Dedin: «əğyar ilə yar ol», oldum,
Gözəlim, şimdi nədir fərmanın? Canı qurban sənə bu nalanın!
Ta gözüm hicr ilə giryan oldu, Xatirin gül kimi xəndan oldu, Döndü vəslin mənə hicran oldu, İstədin dil ola viran, oldu, Gənci-eşqin ola pünhan, oldu, Dedin «olsun ciyərin qan», oldu.
Gözəlim, şimdi nədir fərmanın? Canı qurban sənə bu nalanın!
Eylədin dövr xilafi-məmul, Afitabi-əməlim etdi üful, Bənd olub zülfüvə oldum məğlul, Deyiləm gərçi bu sövdadə məlul, «Küntü fil-eşqi zəlumən və cəhul», Elədim hökmüvü can ilə qəbul.
Gözəlim, şimdi nədir fərmanın? Canı qurban sənə bu nalanın!
Gündə bir şəbədə ağaz etdin, Çox olan lütfü bizə az etdin, Üz verib, qeyri sərəfraz etdin, Bizi qoydun, onu mümtaz etdin, Hökmü fərmanuvi ibraz etdin, Məni hər nakəsə dəmsaz etdin,
Gözəlim, şimdi nədir fərmanın? Canı qurban sənə bu nalanın!
Ey səri-zülfüvə qurban Seyyid, Oldu divaneyi-dövran Seyyid, Olub əhvalı pərişan Seyyid, Ki qalıb bisərü saman Seyyid, Ağlayır hicrin ilə qan Seyyid, Oldu torpaq ilə yeksan Seyyid.
Gözəlim, şimdi nədir fərmanın? Canı qurban sənə bu nalanın!