Məhəbbət adamı başqadı, qardaş
Gəncliyin eşqini canında saxlar, Ruhu da, qəlbi də cavan adamlar. Əlli yaşında da, yüz yaşında da, Həmişə sevəcək sevən adamlar, Məhəbbət adamı başqadı, qardaş.
Zəriflik istəsən, çiçəyə dönər. Kövrəklik istəsən, mələyə dönər. Sığal gərək olsa, hisslərimizə, Sərin mehə dönər, küləyə dönər. Məhəbbət ruhunda, barış qanında, Basmaz qanadını qarışqanın da, Məhəbbət adamı başqadı, qardaş.
Gözü qışa baxsa, qış çiçəkləyər, Dağa əli dəysə, daş çiçəkləyər. Nəfəsi toxunsa, sal buz əriyər, Qayalar gözündə yaş çiçəkləyər. Dinəndə sevgisi dinimiz olar, Ölən nifrətimiz, kinimiz olar. Çəkər işığıyla öz tərəfinə, Qibləmiz, səmtimiz, yönümüz olar, Məhəbbət adamı başqadı, qardaş.
Adəmin yoludu, Nuhun yoludu, Adı qəlbimizdə müqəddəsləşən, Nə qədər müqəddəs ruhun yoludu. Qorquddan, Abbasdan, Dilqəmdən keçir, Məcnundan, Fərhaddan, Kərəmdən keçir. Sevinci hamını işıqlandırır, Dərdi dəftər olub qələmdən keçir. Məhəbbət adamı başqadı, qardaş.
Öydüyü el üçün peyğəmbərləşər, Sevdiyi Əsliyə, Şirinə dönər. Hamını qızdırar odu, alovu, Yanan ocaqların pirinə dönər. Yatdığı torpaq da qurduğu ev də, Millətin ziyarət yerinə dönər. Məhəbbət adamı başqadı, qardaş, Məhəbbət adamı başqadı, qardaş.
2002, 15 sentyabr