Məhəbbət
Bu torpaqda zəmi olmaq bərəkət, Bu zəmidə sünbül olmaq səadət, Bu sünbüldə dəni görüb sevinmək, Ləyaqətdi, ləyaqətdi, ləyaqət!
Yaraşığı yazda çiçək, qışda qar, Şan-şöhrəti budaqları əyən bar. Ana torpaq babalardan yadigar, Əmanətdi, əmanətdi, əmanət!
Çiçəklərin yerə işıq saçması, Gülü görüb gül dodağın qaçması, Səhər çağı qönçələrin açması, Təravətdi, təravətdi, təravət!
Şirvanım da, Muğanım da, Milim də, Könül açan bir nəğmədi dilimdə. Qarabağın havası var zilimdə – Məlahətdi, məlahətdi, məlahət!
Əl becərə, ətək dola, üz gülə, Şair deyə, qələm yaza, söz gülə. Bir salxımda saçaqlanıb yüz gilə, Səxavətdi, səxavətdi, səxavət!
Gecə keçdi, yavaş-yavaş dan atdı, Zəhmət oğlu tarlalara can atdı. Hər qələbə uçmaq üçün qanaddı, Cəsarətdi, cəsarətdi, cəsarət!
Bir şərəfdi xalqa şöhrət, şan olmaq, Beyin olmaq, ürək olmaq, can olmaq. Bu görüşdə kənar gəzib, yan olmaq, Xəyanətdi, xəyanətdi, xəyanət!
Ürəyimdə od yurdunun odu var, Odu dövlət, odu sərvət, odu var. Bu istəyin bir müqəddəs adı var – Məhəbbətdi, məhəbbətdi, məhəbbət!