Məgər qılır rəqəmi-vəsfi-xətti-yar qələm
Məgər qılır rəqəmi-vəsfi-xətti-yar qələm Ki, xətti-yar kimi oldu mişkbar qələm.
Məgər dilər sifəti-lə’li-yar edə təhrir Ki, lə’li-yar kimidir gühərnisar qələm.
Əgər cəfa çəkə surətnigardən yüz il, Demən çəkə sifəti-surəti-nigar qələm.
Yazanda mimü əlif ol qədü dəhanə şəbih, Kəmali-sehrinə çox qıldı iftixar qələm.
Vəli xüramü təkəllüm verirdə aciz olub, Xətinə çəkdi xətü oldu şərmsar qələm.
Nə yerdə kim yügürər nafə-nafə mişk tökər, Tutubdurur rəvişi-ahuyi-tatar qələm.
Xücəstə Xizrdir abi-həyat içmək üçün, Zəman-zəman zülümatə qılır güzar qələm.
Nə içdi məhbərədən bilməzəm ki, valeh olub Özünə eylədi sərgəştəlik şiar qələm.
Qara başın götürüb daim eldən-elə gəzər, Tutarlar isə, dəxi eyləməz qərar qələm.
Bir öz başına ulalmış, qərarı yox, dəlidir, Çıxınca dutmasalar, aləmi yıxar qələm.
Siyah bəxtlügi yazmış alnına təqdir, Nola keçirsə qara gündə ruzigar qələm.
Dililə müttəsil öz başına bəla gətirər Ki, xəlqə gizli sözü eylər aşikar qələm.
Ticarət əhlinə bənzər, müsafirət yoluna Xütuti-sətrlərindən çəkər qətar qələm.
Qaradürür üzü ol vəchdən kim, eylər faş Özüylə yarı arasında hər nə var, qələm.
Şikəstə namələri yə’ni əhli-hüsnə satar Mətai-məmləkəti-hindü Zəngibar qələm.
Öpər səhifə yüzün vəh görün bu talei kim, Bulur vüsali-nigari-səmən’üzar qələm.
Midad türrəsinə üz sürər, zəhi dövlət, Dutar həmişə səri-zülfi-tabidar qələm.
Onunçün əldən-ələ gəzdirir əkabir kim, Tapubdur Asəfi-dövrandan e’tibar qələm.
Güli-hədiqeyi-iqbal Mustafa Çələbi Kim, oldu dövləti-qürbüylə kamikar qələm.
Səmiyyi-Əhmədi-Mürsəl ki, qıldı ona tüfeyl Dəmi ki, lövh ilə yaratdı kirdigar qələm.
Nəsimi-xülqünün övsafin etməgə təhrir, Çəmən əlinə verir səbzə hər bəhar qələm.
Əya bülənd cənabi ki, midhətində olur Həmişə mö’tərifi-əczü inkisar qələm.
Riyazi-qədrdə fəzlin nihali-rif’ətdir, Nihali-fəzlinə bir türfə şaxisar qələm.
Nihali-dövlətə qədrin riyazi-hikmətdir, Riyazi-qədrinə bir türfə cuyibar qələm.
Əlinə almaz imiş Müstəfa qələm, derlər, Bu zillət ilə bəsi olmuşuydu xar qələm.
Sənə yetirdi özün nisbətilə tapmaq içün Zəmanədə sənin adınla e’tibar qələm.
Kəlimi-Turi-vəfasən ki, əhli-xeyrü şərə Əlində gah əsa oldu, gah mar qələm.
Buraxdı canını darüş-şəfayi-dərgəhinə Hücumi-hadisədən xəstəvü nizar qələm.
Əlindən içdigi şəhdi-şəfayi-hikmətdən Mizaci-nazikinə oldı sazigar qələm.
Bəsi əzizlərin xidmətinə bağladı bel, Qamunu tərkü səni qıldı ixtiyar qələm.
Səbati-əhdini əyyamdən qılıb mə’lum, Səninlə eylədi əhdini üstüvar qələm.
Arayıb əhli-hünər varını yetincə sənə, Cahan içində bəsi çəkdi intizar qələm.
Verib nizami-cahan Asəfü Nizamül-mülk Gedib, cahanda sənə qaldı yadigar qələm.
Sənin mütiin əgər olmasaydı, olmaz idi Səvadi-ə’zəmi-xətt içrə şəhriyar qələm.
Alınmış ağçanilən bir qulundurur müqbil, Başın əgər kəsələr eyləməz fərar qələm.
Sözün yeritməgə başdan ayaq edib yügürər, Kəmali-şəfqətinədir ümidivar qələm.
Sipehr mənziləta, ol Füzuliyi-zarəm Ki, hali-zarimi yazınca oldu zar qələm.
Sənayi-zatinə çoxdur sözüm, vəli nə deyim Ki, süstlük qılıban verdi ixtisar qələm.
Dedi saqın, sözü çox etmə, saxla şərti-ədəb Ki, çox sözündən olubdur siyahkar qələm.
Ümid var ki, nəzmi-nizami-aləm üçün Fələkdə ta ola lövh ilə payidar qələm,
Sən olasan qələmə e’tibar üçün hami, Sənə hökumət üçün ola dəstiyar qələm.
* * *
Lüğət: Nigar – şəkil; gözəl; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Təkəllüm – danışıq; Nafə – göbək, ceyran göbəyindən çıxarılan müşk; Rəviş – gediş, yeriş; Xücəstə – uğurlu; Abi – rəvan – axar su, çay; Siyah – ruzigar – qara günlü; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Vəch – üz; məbləğ; Faş – zahirə çıxmaq, məlum olmaq; Əhli – raz – sirr əhli, sirdaş; Midad – mürəkkəb; Əkabir – böyüklər; Güli – rə’na – qırmızı rəna çiçəyi; Dəmi – sərd – soyuq ah; Kirdigar – Allah; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Övsafi – lətafət – gözəlliyin tərifi P; Bülənd – yüksək, ali; İnkisar – sınmaq, qırılmaq; Qədr – dəyər, qiymət, məziyyət; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Bəsi – çox, xeyli; Xar – çox möhkəm daş, mərmər daşı; Tapmaq – ibadət, pərəstiş etmək; Mar – ilan; Nizar – zəif, arıq; Şəhd – saf bal; Mizaci – namiyyə – böyümək mizacı; Səvad – qaralıq; Müqbil – taleli; Fərar – qaçmaq; Sipehr – göy, səma; Zar – sızıldayan, ağlar, zəif; Sənayi – rif’əti-iclalə oldular guya – cəlalın yüksəkliyinə tərif dedilər; Payidar – davam edən, möhkəm