Əsas məzmuna keç

Müxəmməs

Məgər bənəfşə müəttər qılıb gülüstani

Seyid Əzim Şirvani

2

Məgər bənəfşə müəttər qılıb gülüstani, Nəsim cünbüşü təprətdi şaxi-reyhani, Şəmimi-müşk tutub səfheyi-biyabani, Və ya dağıtdı səba tari-zülfi-canani – Ki, tutdu ətri sərasər təmam dünyanı.

Səhabdən yüzünü afitab edib izhar, Təcəlli eylədi ya şaxi-Turdən ənvar Və ya cahanə gəlib huriyani-gülrüxsar Və ya ki zülf arasından göründü çöhreyi-yar, Firuği-tələti etdi cahanı nurani.

Göründü aləmə yoxsa əlaməti-məhşər Və ya qiyaməti-üzmadən oldu yoxsa xəbər, Bəlayi-nagəh edibdir nüzul xəlqə məgər Və ya xuramə gəlib sərvi-qaməti-dilbər – Ki, iztirabə düşüb xəlq olubdur heyrani.

Məgər müsəxxər olub əhli-küfrə qibleyi-din, Olubdu küfrə mübəddəl büsati-ruyi-zəmin Və ya sipahi-xəvaric olubla Kəbənişin Və ya ki qəmzeyi-dilbər çəkibdi xəncəri-kin – Ki, getdi xəlqin əlindən əsasi-iymani.

Cahanda abi-bəqadən məgər göründü nişan Və ya dübarə Məsih ibn-Məryəm oldu əyan, Yetişdi hökmi-bəqa, yoxsa hökmi-biimkan Və ya açıldı təkəllüm ilə ləbi-canan, Yetirdi firqeyi-əmvatə müjdeyi-cani.

Olubdu mülki-cahan qistü ədldən məmur, Dönübdü sahəti-xüldi-bərinə vadiyi-Tur, Yaxıbdı çoxları Musa kimi təcəlliyi-nur, Məgər ki, hüccəti-əsr eyləyibdi əsrə zühur, Cahanə şamil olub feyzi-zati-rəbbani.

Amandı çək əlüvi, Seyyida, müəmmadən, Cahanı şübhəyə salma işarə, iymadən, Götür niqab rüxi-şahidi-dilaradən, Göründü nuri-bəha kuhi-Turi-Sinadən, Cahanə etdi təcəlla cəmali-sübhani.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.