Əsas məzmuna keç

Heca şeiri

Məclis

Zəlimxan Yaqub

1

Bir məclis istəyirəm, pir ozanlar məclisi, Hər dil, səs bir gülə dönə, hər söz gülüstan ola. Ya bir çay kənarında, ya bir çeşmə başında, Qərar tutduğumuz bağ ilə bostan ola.

Buğdaları səpilə, zəmiləri biçilə, Sayılanlar sayıla, seçilənlər seçilə. Ərənlərin əlində badələrim içilə, Hər söz saf polad kimi təmizdən, xasdan ola.

Yarada söhbətini möcüzədən, sehrdən, Götürə mayasını ilham adlı nəhrdən. Yeriyə Xorasandan, qalxa Əskişəhrdən, Yunus gəlir deyələr, xoş xəbər dostdan ola.

Müşkülləri düzəldər, sınıq könüllər yapar, Özünü gəzən bular, haqqı axtaran tapar. Gör nə aləm yaranar, gör nə qiyamət qopar, Qorqud əlində qopuz, dilində dastan ola.

Baxmaya yollar boyu yağan qara, yağışa, Bir ocağın başına minbir ozan yığışa, Dünya bir ürək kimi bir məclisə sığışa, Qul Ələsgər Göyçədən, Veysəl Sivasdan ola.

Tapa ölümsüzlüyün, diriliyin çəmini, Bir cənnətə döndərə hərə öz aləmini, Unuda insan oğlu bu dünyanın qəmini, Söhbət nə dərddən düşə, nə də ki, yasdan ola.

Sazla, sözlə çəkələr təbiətin rəngini, Ozan kökündə qura Kainat ahəngini. Çala “Baş müxəmməsi”, çala “Təbil cəngini”, Axırda Qoç Koroğlu kükrəmiş aslan ola!

2010, 22 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.