Əsas məzmuna keç

Gəraylı

Maral

Aşıq Ələsgər

1

Səhər-səhər çeşmə üstə Durur boyu bala, Maral. Ala gözlər girib qəsdə, İstər canım ala, Maral!

Sevdim zalım, bağrı daşı, Almaz kirpik, qələm qaşı. Tərlan görüb yaşılbaşı, Sağın, qaynaq çala, Maral!

Ağ üzdə xalın bənövşə, Az qalır bağrımı deşə. Məcnunluqdu mənə peşə, Düşmüşəm mahala, Maral!

Öpmədim ala gözündən, Doymadım şirin sözündən. Məni ayırıb özündən, Salma daldan-dala, Maral!

Camalındı şəmsü qəmər, Vəsfin olub dildə əzbər. Ucundan yazıq Ələsgər Dönübdü abdala, Maral!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.