Malades
Mərhaba, namxuda, Afərin, əhsən, malades! Cahanda yoxdu tayın, Dünyada təksən, malades! Həmi ağsan, həmi çağsan, Həmi də köksən, malades! Xudam səni xoş yaradıb, Belə göyçəksən, malades! Hurilər padişahı, Nazlı mələksən, malades!
Mən sənə qurban olum, Ay səri sevdalı gözəl! Ləblərin şəhdi-şəkər, Misli beçə balı, gözəl! Qüdrətdən nəqş olunub Zənəxdanın xalı, gözəl! Zərrəcə gəlməz eyninə Bu dünyanın malı, gözəl! Gözü tox, könlü təmiz, Özünə bəysən, malades!
Aşıq Ələsgər deyər, Bu duruşun xan kimidi; "Xan" deyib səhv olmuşam, Huriyi-qılman kimidi; Qabiliyyət, mərifətin, Kamalın Loğman kimidi; Məclisdə dolanmağın Alıcı tərlan kimidi; Hansı evə qədəm qoysan Qızıl dirəksən, malades!