Əsas məzmuna keç

Heca şeiri

Mahmudəli çöhrəqanlıya

Zəlimxan Yaqub

1

Millətə can-can deyir, Zülmətə qan-qan deyir. Qalx, Azərbaycan! – deyir, Üz qanlı, çöhrə qanlı.

Düşmən qansız, yağı qan, Qızardıbdı dağı qan. Ayranı qan, yağı qan, Çalxanır nehrə qanlı.

Min bir parçadı ürək, Qandı yeyilən çörək. Qılınc, yaba, bel, kürək, Balta qan, dəhrə qanlı.

Yurda odlar ələndi, Yerlə göy silkələndi. Bələk qanla bələndi, Kök qanlı, pöhrə qanlı.

Ağız açdıq hər yada, Baxan yoxdu fəryada. Tahir batdı dəryada, Yaş tökür Zöhrə qanlı.

Sus, Türk, – deyir, – sus, Turan, Susmaq bilmir susduran. Qan qussun qan qusduran, Baxsın bu sehrə qanlı.

Qardaşım Mahmudəli, Çoxdu qansoran zəli. Min ildi Məcnun dəli, Min ildi səhra qanlı.

Sevindirib yadını, Qaçırıblar dadını. Niyə sənin adını, Qoydular Çöhrəqanlı?!

2002, 26 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.