Əsas məzmuna keç

Heca şeiri

Mahal İsmayıloğluna

Zəlimxan Yaqub

1

Özüm dərdəm, adım dərdnən adaşdı, Ağlamaqnan bağrım yaman badaşdı. Yağı gəldi, sədlərimi yad aşdı, Gəl başa sal dilbilməzi, naşını, Tanrım, qurut gözlərimin yaşını!

Yaman dərddi torpaq dərdi, daş dərdi, Daş taleyim daş becərdi, daş dərdi. Göz-göz oldu gözümdəki yaş dərdi, Qara bulud yaman çatdı qaşını, Tanrım, qurut gözlərimin yaşını!

Qanadımın biri həsrət, biri qəm, Ölmüş mənəm, diri həsrət, diri qəm. Daha bəsdir, kiri, həsrət, kiri, qəm, Zəhərləmə süfrəmizin aşını, Tanrım, qurut gözlərimin yaşını!

Halal haqqım, halal sayım var idi, Nə bu hayım, nə harayım var idi. Bəy otağım, xan sarayım var idi, Daş üstündə qoymadılar daşını, Tanrım, qurut gözlərimin yaşını!

Fənd işlədib başı başa vurdular, Nifrət ilə daşı daşa vurdular. Büllur qabı çopur daşa vurdular, Sındırdılar könlümdəki kaşını, Tanrım, qurut gözlərimin yaşını!

Talan olmuş bir yurd olub getmişəm, Xırdalanıb mən xırd olub getmişəm. Mən qurd kimi, manqurt olub getmişəm, Unutmuşam tariximin yaşını, Tanrım, qurut gözlərimin yaşını!

Bu nə gündü, bu nə kökdü, nə haldı, Ah çəkməkdən yer üzünü ah aldı. Ağlar qalan Zəlimxandı, Mahaldı, Sel uçurdu yarğanların qaşını, Tanrım, qurut gözlərimin yaşını!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.