Əsas məzmuna keç

Qəsidə

Lütfə bax, gör nə gözəl mənzəreyi-xəzradır

Məhəmməd Füzuli

1

Lütfə bax, gör nə gözəl mənzəreyi-xəzradır?! Yenə sübhün küləyi gör necə ruhəfzadır!

Bu bahar fəsli, lətafətlə əsən badi-səba, Hər yerə feyz aparan qasidi-xoşsimadır.

İldırım bərqi tökür dürr çiçək yarpağına, Küləyin titrəyişi gülşənə ənbərsadır.

Qəlbinin varsa gözü, gəl çəməni seyr eylə, Hoqei-qönçəni al gör nə dolu səhbadır.

Çölləri seyr eləmək dövlətidir dünyanın, Buludun kölgəsi nə sayei-istiğnadır.

Qönçənin nitqi əgər yoxsa, dəhanı vardır, O da bu ne’mət üçün şükr eləyən rə’nadır.

Bu yaşıl ot da əgər sakit isə bir dili var, Onun hər nüktəsi bir nəğmeyi-müstəsnadır.

Mən dünən getmiş idim gülşənə seyr etmək üçün, Gördüm hər bitkidə asari-fərəh peydadır.

Qönçələri doldurur hey şəbnəm ilə peymanə, Lalə də badə yuyur, öz işinə daradır.

Gül odu orda kəbab etmədə bülbül ürəyin, Hər tərəf qumri, göyərçin dil açıb guyadır.

İstədim orda qalam, qəlb dedi: tərk eylə! İstədim bəzmə gedəm, təb’ dedi: bicadır

Ki, neçün fani olan bəzmə könül verməlisən, Bu vəline’mət üçün dərd gətirən mə’nadır.

O qələm sahibi xoşxülq vəline’mətimiz Ki, meyi-məclisi bir mərhəməti-üzmadır.

Odur əl’an ki ona xəlq eləyir raz-niyaz, O bu gün cümlə fünun üzrə düri-yektadır.

Namə tək hər kəs onun tə’zim edir dərgəhinə, Bir qələm tək hamının arzusu ondan sadir.

Allahın rəhmətidir ərzdə Əbdürrəhman, O vəfa bağinə bir zivəri-bihəmtadır.

Ey səadət dənizindən yaranan mirvari, Hər kəsin istəyinə xaki-dərin məlcadır!

Lalə tək öz qanına qərq olan aləmdə mənəm, Məclisinsə çəməni-eyşü fərəhbəxşadır.

Qəlbimin dağinə bax, çaki-giribanimi gör, Məni bu halə salan, bil, sitəmi-dünyadır.

İki-üç gün mənə öz feyzi-nəmindən pay ver Ki, hər ildə iki-üç gün əməlim bərpadır.

Sərvərim, xəstə Füzulini əzir dərdü ələm, Qəm kimi səndən uzaqdır o da, bil, rüsvadır.

Can atır məclisinə çünki bilir, hər nəfəsin Qəlbinin dərdinə misli-nəfəsi-Isadır.

Var ümidim ki, cahan gülşənini süsləməyə, Ta ki, bu sünbülü nəsrinü səmən zibadır,

Müttəsil feyzi-duan ilə çatan məqsədinə, Mən kimi kimsə duaguyi-səri-valadır.

* * *

Lüğət: Xəzra – yaşıl; Bərq – şimşək; Səhba – şərab; Dəhan – ağız; Dili – tirə – qaranlıq könül, tutqun könül; Nüktə – dərin mənalı söz; Peyda – zahir, aşkar olmaq; Peymanə – böyük qədəh; Badə – şərab; Dil – ürək; Təb – qızdırma; Meyi – nab – saf şərab; Üzma – ən böyük V; Raz – sirr; Namə – məktub; Xaki – tirə – qara torpaq; Çaki – giriban – yaxanı parçalamaq; Sitəm – zülm – əziyyət; Əməl – arzu; iş; Sərvər – başçı; Can – ruh, bədən; Ziba – bəzəkli, zinətli; Vala – yüksək, uca

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.