Ləyaqət
Salonlar görmüşük biz, buz nəfəsli salonlar, Bir nakəsi mədh edib, öyüblər, əl çalmışıq. Ağlımız kəsə-kəsə, gözümüz görə-görə Qəhrəman bir oğulu döyüblər, əl çalmışıq.
Dad-tamını görmüşük hər ağrının, acının, Hər üzünü göstərib həyat ehtiyacının. Haqqa əli çatmayan neçə ana-bacının Gününü göy əsgiyə düyüblər, əl çalmışıq.
Dayan, qafil, fikirləş! Göymü yerə alçalıb, Doğrudanmı el-oba başdan-başa əl çalıb? Doğrudanmı əl çalıb qəhrəmanlar, ərənlər?! Alqışlar arxasında zülmətləri görənlər?!
Heç inana bilmirəm, inanmıram mən nəsə, Əqidə sahibləri məsləki qurban kəsə. Biləkdən üzsələr də əl çalmazdı o əllər! Dilənməzdi, enməzdi, alçalmazdı o əllər!
Başkəsənə baxmayıb baş ucaldan oğullar, Çiynində bir millətin şərəfini daşıyıb. Nə yaxşı ki, dünyada vaxtı vermədən bada Müşfiqlərim yaşayıb, Cavadlarım yaşayıb!
Sarsıdıb sındırıblar polad kimi mərdləri, Bir könül necə tutub dərya-dərya dərdləri? Yumşalda bilmədilər kəskinləri, sərtləri, Döndü dəmir yumruğa, həqiqət alçalmadı!
Tapdadılar Vətənin çörəyini, duzunu, Söndürdülər səmanın ayını, ulduzunu. Cavidlərim əritdi tayqaların buzunu, Satqınlığın önündə cəsarət alçalmadı!
Ən böyük inamları ən sərt zərbələr yedi, Duz-çörək əvəzinə aclar qəm-kədər yedi. Söyüş... təhqir... ay Allah, insanlar nələr yedi, Son nəfəsdə, son anda ləyaqət alçalmadı!
Qəbristandan keçirəm, qarşıda yüz-yüz məzar, On deyil, on beş deyil burda basdırılanlar. Qəbristana baxıram, xəyanət də qəbirdə, Kin-küdurət, ədavət, şan-şöhrət də qəbirdə. Bəs ləyaqət? Göyə bax, göydə bir qartal süzür, Qanadlarında qüdrət, baxışlarında cürət, Səmaların hakimi o qartaldır ləyaqət! Kəssən qanadlarını, qartal bəlkə alçalar, Heç bir zaman alçalmaz bir amaldır ləyaqət!