Layla, Xocalım, layla
Duz basdılar yarana, Layla, Xocalım, layla. Düşdün gülləbarana, Layla, Xocalım, layla.
Namərdi kim çağırdı? Göydən ölüm yağırdı. Dilnən demək ağırdı, Layla, Xocalım, layla.
Daş üstə daşmı qaldı? Salamat başmı qaldı? Gözümdə yaşmı qaldı? Layla, Xocalım, layla.
Qaçdı Novruzun tamı, Kimdi yandıran şamı? Yas eylədin bayramı, Layla, Xocalım, layla.
Dərdin kimi acı yox, Ağrı var, əlacı yox. Ağlamağa bacı yox, Layla, Xocalım, layla.
Hisdi, pasdı, qurumdu, Tüstü burum-burumdu. Hər tərəf uçurumdu, Layla, Xocalım, layla.
Bu torpağın canısan, Selə dönmüş anısan, Sən kimin qurbanısan? Layla, Xocalım, layla.
Xocasan, xocan hanı? Cavansan, qocan hanı? Tüstülü bacan hanı? Layla, Xocalım, layla.
Çıxmağa yol olmadı, Qucmağa qol olmadı, Üzməyə sal olmadı, Layla, Xocalım, layla.
Məndən küsdü soyadım, Namərd olsun qoy adım, Səni necə oyadım? Layla, Xocalım, layla.
Kədər düşdü payına, Səndən çətin yayına. Hay vermədik hayına, Layla, Xocalım, layla.
Yara sarıyan hanı? Haqdan yarıyan hanı? Yurdu qoruyan hanı? Layla, Xocalım, layla.
Şuşamın ətəyi qan, Balı qan, pətəyi qan. Düşmənin kötəyi qan, Layla, Xocalım, layla.
İtən çənim olaydı, Bitən dənim olaydı. Vətən mənim olaydı, Layla, Xocalım, layla.
Yatan çətin ayıla, Çətin adam sayıla. Heyif Şah İsmayıla, Layla, Xocalım, layla.
Dünya darmı, görəsən? Qulaq karmı, görəsən? Allah varmı, görəsən? Layla, Xocalım, layla.