Küsmə məndən
Bir məclisdə qızlarımıza “Çin qızı, Çin gözəli” şeirini oxuyurdum. Nəsibə adlı gözəl bir qız şeiri axıra qədər dinləmədən küsüb bayıra çıxdı ki, nə üçün belə gözəl bir şeiri Azərbaycan gözəlinə yox, Çin qızına yazmısınız.
Küsmə məndən, gözəl mələk, gözəli Allah yaradır, Mənim kimi qullar üçün gözəlləri şah yaradır. Məcnunları gecə-gündüz salır sonsuz səhralara, Harda sevən Leyli varsa, orda bir dərgah yaradır.
Bircə gözəl yaradıbsa, bütün Çinə qurban olum, Hansı dində olur olsun, mən o dinə qurban olum. Yaradanın eşq adlanan hikmətinə qurban olum, Yeri-göyü sevmək üçün insanda tamah yaradır!
Bakı hara, Pekin hara, könlüm onu yada salır, Günahkaram, günahlarım ruhuma qan-qada salır. Qadir Allah sevənləri dirigözlü oda salır, Yazıq bəndə sevə-sevə gündə bir günah yaradır!