Kürə baxdım
Axşamüstü Kürə baxdım, Min səhərin eşqi ilə Bir gecəlik Kür olanı xatırladım. Nəfəsi də, nəğməsi də Bu çay kimi gur olanı xatırladım. Yeni şeirin gözlərində Nur olanı xatırladım. Duydum onun qəlbindəki Böyüklüyü, mətinliyi. Duydum, nədir, nə deməkdir Bir gecəlik Kür olmağın Ağırlığı, çətinliyi. Bir gecəlik Kür olmaqçün Buludları əlçim-əlçim əyirməli, Yağışları damla-damla, Bulaqları qurtum-qurtum içməlisən. İldırımın başı üstdən atılmalı, Sıldırımdan keçməlisən. Öz yerini gölməçələr dibində yox, Dənizlərdə seçməlisən. Dolu yağsa, öz qoynunda Əritməyi bilməlisən. Şimşək çaxsa, layla çalıb Kiritməyi bilməlisən. Ürəklərə sərinliyi, Fikirlərə dərinliyi Vermək üçün yaşayana Kür deyərəm. Öz ömrünün axarında Əsrlərin sevincini, Kədərini, Axşamını, Səhərini Yorulmadan daşıyana Kür deyərəm. Kür olanın axmadığı, Gün olmamış, Ay olmamış, Həvəsi var, hünəri yox Olanlardan Arx olsa da, çay olmamış Bir gecəlik Kür olana Dağlar uca, düzlər geniş. Əlindədir yoxuş, eniş, İstədiyi məqamları Enə bilər, qalxa bilər. Onun şeiri göy çəmənlər, Şirin sözü çiçəklərdir. Laylasıdır səhər yeli, Beşiyisə ürəklərdir. Bu sularda bir ürəyin Həm sevinci, həm yası var. Dalğasında tufanları, Damlasında dəryası var. Nə gözəlmiş şair ömrü, Dəli Kürdə bir gecəlik Əli Kərim dünyası var.
1976, 21 iyul