Əsas məzmuna keç

Heca şeiri

Külək, atəş, su, torpaq

Zəlimxan Yaqub

1

Küləklərə bənzərəm, cilovsuz küləklərə, Dağlarda uğuldayıb, düzlərdə əsməyim var. Bir yerdə, bir məkanda tuta bilmirəm qərar, Hər an çırpınmağım var, hər gün tələsməyim var.

Atəşlərə bənzərəm, gur yanan atəşlərə, Bircə gün yaşamaram alovlanıb yanmasam. Üşüyən ürəkləri odla isindirməyə Mənim gücümmü çatar, içdən alovlanmasam?

Gur sulara bənzərəm, çalxalanan sulara, Çay-çeşmələr, dənizlər qaynar mənim qanımda. Şeh damlası, sel, yağış gözümdə, könlümdədir, Sellər, sular qaynaşar hər gün həyəcanımda. Mən torpağa bənzərəm, beşiyimiz torpağa, Onun yükü, təmkini, bərəkəti məndə var. Ona bənzəməsəydim, belə çiçəkləməzdim, Onun Zəlimxan adlı sevdiyi bir bəndə var.

Külək, atəş, su, torpaq – dördü də məndə yaşar, Dördünün sevinci də, dərdi də məndə yaşar. Onların hesabına yaşayıram dünyada, Necə ki bal arıda, çiçək çəməndə yaşar.

2006, 5 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.