Könlüm
Oyan xabi-qəflətdən, əcəlsiz ölən könlüm, Ümid üzüb aləmdən, dərgahdan dilən, könlüm, Mərd gərəkdir almağa bu qərib qalan könlüm, Dibsiz dəryaya düşdü ol xürrəm, gülən könlüm, Can fani, cahan fani, kəfənə dolan, könlüm, Danış, dərdin azalsın, sussan qəm dolan könlüm.
Alimlər sözün dinlə, nəsihətin al-götür, Dur, haqqın dərgahına münacat qıl, əl götür, Riyazatın yükünü örkən ipin sal götür, Bu iş mərdin işidir, mərdanə dur, qal, götür, Kamil ayağa baş qoy, kainatdan əl götür, Tövbə qılıb, bir pirin xakinə bulan, könlüm.
Eşqim vardır Məcnundan altmış kərə ziyada, Qırx il qüvvətim vardır dərs deməyə Fərhada, Ürəyim yaxıb oda, xocama varsam dada, Kərəm dəryası coşub, yetirərmi murada, Qalsa könül tapılmaz, çıxsa bu can dünyada, Mərd gərəkdir almağa bu qərib qalan könlüm.
Səhər durub, dua qıl, «amin!» desin fəriştə, Nə vardır qafil yatıb, bihudə oturuşda, Mülki-cahan tutdurmaz eyləsən min səriştə, Abdal örtüsün geyib, get divana qarış da, Yoxsa qalarsan tənha sərgəşteyi-qəmkeşdə, Dediyin sözə felin olmasın yalan, könlüm.
Məxdumqulu, nuş etdim qəm badəsin iki tas, Üç içənə rəğbət yox, çün candan oldum xilas, Sərimdə sansız sevda, içdə vasvasül-xənnas, Gəlin, bir tədbir edin, bu dərdə, ey yühənnas, Diz çöküb dəm vursalar İsa, Xıdır həm İlyas, Qalınmaz, zində olmaz, xud mürdə olan könlüm.