Əsas məzmuna keç

Heca şeiri

Könlüm

Zəlimxan Yaqub

1

Öz ağrını özün çək, Demə hər yerdə, könlüm. Açma dərdin üzünü, Yırtılar pərdə, könlüm.

Hey içini yeyirdin, “Dözəmmirəm” deyirdin, Xeyir danış, xeyir din, Xeyirdə-şərdə, könlüm.

Bil, anın qiymətini, Bil, canın qiymətini, Dünyanın qiymətini, Axtarma zərdə, könlüm.

Bişirəcək aşını, Tovlayacaq başını, At bu nərdin daşını, Kərəm yox zərdə, könlüm.

Arzuların canı var, Canın qaynar qanı var, Min dərdin dərmanı var, Bir damla tərdə, könlüm.

Özünlə çək davanı, Özünlə qur yuvanı, Özün çal öz havanı, Bu sim, bu pərdə, könlüm.

Ağla gözün dolunca, Saralınca, solunca. Namərdə xan olunca, Qul ol bir mərdə, könlüm.

2005, 15 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.