Əsas məzmuna keç

Gəraylı

Köməyə haqqı çağırın

Zəlimxan Yaqub

1

Gəmisi darda qalanlar, Zəmisi qarda qalanlar, Namusu torda qalanlar, Köməyə haqqı çağırın.

Halal haqqı əzilənlər, Düzü tərsə yozulanlar, Bəxti qara yazılanlar, Köməyə haqqı çağırın.

Güldən çox alaq görsəniz, Xeyrə şər calaq görsəniz, Çarmıx, daşqalaq görsəniz, Köməyə haqqı çağırın.

Əl üzməyin ətəyindən, Balı süzün pətəyindən. Çəkinməyin kötəyindən, Köməyə haqqı çağırın.

Var-dövlət də, ad da yalan, Damaqdakı dad da yalan, Dost da yalan, yad da yalan, Köməyə haqqı çağırın.

Çiyinləri əyəndə yük, Başda biz-biz duranda tük, Eşqi uca, səbri böyük, Köməyə haqqı çağırın.

Bəndənin verdiyi ahdı, İşi-gücü suç-günahdı. Haqqın ünvanı Allahdı, Köməyə haqqı çağırın.

2001, 25 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.