Kökü tanıyan, bilənəm
Boy boylasın, soy soylasın, Qoy ucaltsın soy milləti. Yas dalınca yas gəlməsin, Sevindirsin toy milləti.
Demə sayım, sanbalım az, Tarixə öz xəttini yaz. Heç Allah da qaldırammaz, Ağır yatan key milləti.
Kökü tanıyan, bilənəm, Sevinci-dərdi bölənəm. Mən Göy tanrıdan gələnəm, Əyilməsin göy milləti.
Sevdikcə sev, demə, bəsdi, Ululardan gələn səsdi. Bayraq qədər müqəddəsdi, Öp, göz üstə qoy milləti.
Haqqını qorusun haqla, Döyüşməsin hər alçaqla. Ulu Tanrım, özün saxla, Nökər etmə bəy milləti.
Saralmaz bağçası, bağı, Dağ üstünə qoyar dağı. Tapdalaya bilməz yağı, Sağlam, ucaboy milləti.
2006, 12 avqust